Mənəvi prinsiplər populyar deyilsə, bunun nəticələrini gözləmək lazımdır. Şərh " />

Abxaz çimərliyində turistləri girov götürmək niyə bu qədər asan oldu?

Mənəvi prinsiplər populyar deyilsə, bunun nəticələrini gözləmək lazımdır. Şərh

Abxaziya DİN-i rusiyalı turist qrupuna quldur hücumunda şübhəli bilinən ikinci şəxsin saxlanıldığını elan edib. Bu hücum nəticəsində istirahət edənlərdən biri aldığı yaralar nəticəsində Qudaut xəstəxanasında həyatını itirib.

Düşünmürəm ki, dəlil-sübut bazası ilə bağlı hər hansı problem çıxacaq (hərçənd, hüquq-mühafizə sistemimizə bələd olan biri kimi deyə bilərəm ki, hər şey gözləmək olar). Bununla belə, belə bir əminlik var ki, rusiyalılara qarşı hücumla bağlı iş məntiqi sonuca – hökmə varacaq.

Çünki cinayət səs-küylü olması ilə yanaşı (belə işlərdə hətta ən korrupsiyalaşmış sistemlərdə də, Abxaziya sistemi də demək olar ki, belələrindəndir, pul yeməməyə ağılları çatır), həm də insan axmaqlığının nəhəng məhsuludur.

İndi siz iki qardaş təsəvvür edin, cavan, yaşı otuzdan yuxarı olmayan, dənizin iki addımlığında yerləşən kənddə yaşayan. Təhsil almayıblar, yəni haradasa məmurluq eləmək, ən pis halda yol müfəttişliyinə düzəlib xırda rüşvətlə dolanmaq imkanı bu qardaşlar üçün mövcud deyil.

Biznes qurmaq üçün pul, beyin və “Karlo ata” kimi bütün sutkanı var gücünlə işləmək lazımdır. Bu da alınmır.

Tarlada işləmək, məsələn, qarpız, yemiş, xiyar, ya da pomidor yetişdirmək – əşşi qoy öküz əlləşsin!

Onu da demək lazımdır ki, bu qardaşlar müftəni əsassız yerə sevmirlər. Elə alınıb ki, bizim bütün ideologiyamız müharibədən sonrakı  illərdə bu reyslərə möhkəmcə oturub.   

Sadəcə bəziləri öz vəziyyətinə görə dövlət əmlakını müftə əldə edir. Ya da özləri üçün yenə də “havayı” hektarlarla bahalı torpaq sahəsi rəsmiləşdirirlər, hansı ki, Abxaziya qanunlarına görə satılmır, amma çox rahat şəkildə əldən ələ keçir, ya da gələcək biznesdə yaxşı hissə ilə dəyişdirilir.

Digərləri bütün doğrularla və yalanlarla gedib şəxsən prezidentə çıxırlar, yalvar-yaxarla “Vətən və partiya qarşısında xidmətlərinə görə” güzəştli, bəzən isə tamamən havayı kredit əldə edirlər, sonra da gedib “lendkruzer” alırlar. Bizim “xayveylərdə” bir müddət şütüyüb, axırda da maşını aşırıb param-parça eləyirlər ki, sonra yenə eyni məqsədlə prezidentin yanına getsinlər – bu səfərki olmasa da, növbəti prezidentin.

Üçüncü qisim gözəl həyat imkanları daha məhdud olan insanlar bacardıqları kimi fırlanırlar: əsas odur əllərinin çatdığı yerdə möhür, fit, ya da nağd pul olsun.

Bizim qəhrəmanlarımız isə firavanlığa aparan lazımı yolu tapa bilməyiblər. Nə etməli? Həyat bayramının böyük yoluna çıxmaq qalır. Və zorla kiminsə əlindən nəyinisə almaq.  

Budur, onlar avtomat və bıçaqla silahlanıb işə çıxıblar – adi çimərliyə. Bax, burda bir sualı düşünə-düşünə qalıram – niyə axı yola yox, çimərliyə?

Axı bir dükanı soymaq olardı, ya da yolkənarı kafeni – ölü yerdən iyirmi min rubl çırpışdıra bilərdilər, üstəlik bu qədər səs-küy və informasiya rezonansı da qopmazdı.

Amma yox, onlar məqsədyönlü şəkildə evlərinin bir-iki metrliyində yerləşən çimərliyə gediblər. Çünki orada rus turistlər çimir və qaralır.

Məsələn, bir dükanı soyursan. Hətta əgər milis səni tapmasa da, dükan sahibi bütün tanışlarını, qohum-əqrəbanı ayağa qaldıracaq və mütləq oğruları tapacaq. Bu isə 20 min rublla gününü gün etmək istəyənlər üçün məhbəsə düşməkdən daha betər başağrısıdır. Araya qan düşmənçiliyi düşə bilər. Hətta öldürə də bilərlər.

Rus turistləri isə artıq əziyyətsiz “hop-stop” eləmək olar. Hətta milis də onları axtarmayacaq. “Gör, nə qədərdilər istirahət edənlər, gəldilər-getdilər. Sonra kimin yadına düşəcəklər?” – bizim qanqsterlərin “məntiqi” düşüncə səviyyəsinə enməyə çalışıram.

Odur ki, qayğısız düşüncələrlə çimərliyə çıxıblar. Qadın və uşaqları girov götürüblər və kişini – əsir ailələrdən birinin başçısını bankomatdan pul çıxarıb gətirməyə göndəriblər. Sonra da digər ailə başçısını itaətsizlik etdiyi üçün ölümcül yaralayıblar.

Dünyanı idrak səviyyəsi Abxaziya ilə məhdudlaşan belə mənəviyyat yoxsullarının sayı həmin bu kiçik Abxaziya torpaqlarında həddindən çoxdur. Yəni onlar üçün Abxaziya nəinki planet, tam bir Kainatdır və burada hər kəs bacardığı kimi pul qazanır. Bütün bu turistlər isə yadplanetlilər kimi bir şeydir. Onlar bir az günəşlənir, sonra da rədd olub gedirlər. Və hələ ki, onlar burdadır, onların dərisini soymaq lazımdır.

Üstəlik də bunu kimi birbaşa, kimi dolayı mənada edir, hər kəs də öz səviyyəsində. Qanlı süjetlər çox deyil, amma palitra heyrətləndirir.

Elə bircə yerli parlamentin deputatının öz rusiyalı biznes tərəfdaşından qurtulmaq üçün onu hamilə rəfiqəsi ilə birlikdə quyuya atması nəyə desən dəyər.

Amma səs-küylü cinayətlərdən başqa axı ilk baxışdan məsum görünən süjetlər də bir yığındır və süjetlər nəinki cinayət məsuliyyəti, heç inzibati məsuliyyət də doğurmur. Amma bununla belə bu hallar həmin bu əliqanlı adamaoxşamazları doğuran sistemi qidalandırır.

Çox vaxt yanıma dostlarım, həmkarlarım gəlir. Və bir qayda olaraq, getməzdən əvvəl müxtəlif şərq nemətlərindən – acika, quru xurma, mandarin, feyxoa və s. almaları üçün onları bazara aparmağı xahiş edirlər

Etiraf edim ki, bu bazar səfərlərində utandığım qədər başqa heç vaxt xəcalət çəkməmişəm. Çünki məni əcnəbi qonaqla görən hər bir satıcı mütləq “pulunu kim verəcək?” deyə soruşur. “Sən yox, o verəcəksə Nəsimi kimi onun dərisini soyacam!” – fəxrlə deyirlər.

Yəni turist onlar üçün var-yoxunu əlindən almalı olduqları qeyd-şərtsiz qurbandır. Həm də nə bahasına olursa olsun. Orda rəsmən soydun, burda həyasızlıqla əlindən aldın. Və bütün bunlar ona görə baş verir ki, cəzalandıran olmayacaq, nə dövlət, nə də öz vicdanı səviyyəsində.

Bax, beləcə, özümüzü dünyanın mərkəzi zənn edən xəstə təxəyyülümüzlə yaşayıb gedirik.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır


More on JAMnews