Pentaqon bəyan edir ki, Rusiyanın yeni raketlər hazırlaması Avropada NATO obyektlərini təhdid edir" />

ABŞ Rusiyanı silahların azaldılması ilə bağlı sazişi pozmaqda ittiham edib

Pentaqon bəyan edir ki, Rusiyanın yeni raketlər hazırlaması Avropada NATO obyektlərini təhdid edir

ABŞ Rusiyanı silahların azaldılması haqda sazişi pozmaqda ittiham edib. Pentaqon bəyan edib ki, Rusiya yerüstü bazalı qanadlı raket sistemini hazır vəziyyətə gətirib, bu da 1987-ci ildə imzalanmış orta və yaxın mənzilli raketlərin (OYMR) məhv edilməsi haqda sazişin pozulması deməkdir.

ABŞ Ordu Qərargahı Rəisləri Komitəsinin sədr müavini Pol Selvanın sözlərinə görə, Moskvanın hərəkətləri Avropadakı NATO obyektlərinin əksəriyyətini təhdid edir.

ABŞ Dövlət Departamenti də bu haqda bəyanat verib. “Biz düşünürük ki, Rusiya həmişəki kimi orta və yaxın mənzilli raketlərlə bağlı öhdəliklərinə əməl etmir”, – Dövlət Departamentinin rəsmi nümayəndəsinin səlahiyyətlərini yerinə yetirən Mark Toner bildirib.

Fevralın ortasında The New York Times qəzeti sazişə rəğmən Rusiyanın bir neçə ildir ki, SSC-8 raketi – “Kalibr-NK” qanadlı raketinin yerüstü analoqu – üzərində işlədiyini və sınaqdan keçirdiyini yazmışdı.

RF prezidentinin mətbuat katibi Dmitri Peskov o zaman bu xəbəri təkzib etmişdi. Onun sözlərinə görə, Rusiya beynəlxalq öhdəliklərinə sadiq qalır.

Orta və yaxın mənzilli raketlərin ləğvi haqda müddətsiz saziş 1988-ci il iyunun 1-də qüvvəyə minib. ABŞ və SSRİ, daha sonra isə onun varisi kimi Rusiya üzərlərinə 500-dən 5500 kilometrəcən mənzilli ballistik və yerüstü bazalı qanadlı raketlər istehsal etməmək və sınaqdan keçirməmək öhdəliyi götürüblər.

 


More on JAMnews