Azərbaycanlı siyasi mühacirləri artıq Gürcüstanda görmək istəmirlər " />

Yeni Kasablankanın casus oyunları

Azərbaycanlı siyasi mühacirləri artıq Gürcüstanda görmək istəmirlər

Тbilisi, “köhnə şəhər”. Foto: JAMnews

İkinci Dünya Müharibəsi zamanı kiçik, amma qürurlu Mərakeşin əsas liman şəhəri olan kiçik, amma qürurlu Kasablankası ən müxtəlif mühacirlər və siyasi qaçqınlar üçün cazibə mərkəzinə çevrildi. Bura faşizmin əlindən qaçıb, daha sonra azad ölkələrə keçmək üçün gəlirdirlər. Baş rollarda Hamfri Boqart və İnqrid Berqmanın çəkildiyi romantik filmdəki hadisələr də burada cərəyan edir.

Son dövrlərə qədər bir çox azərbaycanlı üçün Tbilisi bir növ Kasablanka idi. Həmin köhnə filmdə olduğu kimi, burada da əsl casus oyunları yaşanırdı.

Qaçmalı ölkə

“Sərhədsiz reportyorlar”ın məlumatına əsasən, Azərbaycan söz azadlığı reytinqində 162-ci yeri tutur. Siyasi məhbusların sayı, yerli hüquq müdafiəçilərinin dəyərləndirməsinə görə, azı yüz nəfərdir və artıq 2013-cü ildən “kadr axını” hesabına dəyişməz olaraq qalır: yeni müttəhimlər “tövbə məktubu”ndan sonra azadlığa çıxanların və ya həbs müddəti bitənlərin yerini tutur.

Hüquq müdafiəçiləri həbs üçün ənənəvi səbəblər sırasında icazəsiz mitinqlər, ictimai fəaliyyət, jurnalist tədqiqatları, sosial şəbəkələrdə hökumətin tənqidini sadalayırlar. Rəsmi ittihamlar aşağıdakı kimi səslənə bilər: narkotik yayma, casusluq, dövlətçiliyə qarşı cinayət və iğtişaşlara çağırış.

“Risk qrupu”na daxil olan hər kəsin təzyiqlərlə üzləşdiyi halda öz fəaliyyət planı var. Plan bir qayda olaraq, ya “təhlükəli peşə”dən uzaqlaşmaq, ya sonuna qədər mübarizə, həbs, perspektivdə Avropa məhkəməsində iş və ya ölkədən qaçmaqdan ibarət olur. Qaçmaq üçün ölkə olaraq adətən Gürcüstan seçilir.

Burada, azərbaycanlıların dediyi kimi, “polisin yanından keçəndə qorxmursan”, “prezidentin adını pıçıltısız da çəkmək olar” və “özünü həbsxanadan çıxmış kimi hiss edirsən”.

Tbilisi Qafqazın Kasablankası, azadlıq adası və Azərbaycan hakimiyyəti tərəfindən istənməyən “ünsürlər”in sonradan başqa ölkələrə köçməsi üçün keçid stansiyasıdır. Bura son illər ərzində gözlənilən həbsdən qaçan onlarla azərbaycanlı köçüb.

Amma bu yaxınlarda vəziyyət dəyişməyə başlayıb.

Gürcüstan üçün təhdid

“Bəzən olur ki, gün ərzində səni açıq-aşkar izləyirlər, sonra da qapının ağzına harada olduğunu və nə etdiyini əks etdirən fotolar gətirib qoyurlar“, – siyasi mühacir Əfqan Muxtarlı Tbilisidəki həyatı barədə danışır.

 Bakı 2011-ci il. Polis mitinqdə Əfqan Muxtarlını həbs etməyə çalışır

Əfqan Muxtarlı uzun illər Azərbaycanda jurnalist işləyib. Jurnalist peşəsi üçün qeyri-adi olan fiziki gücündən başqa, Muxtarlı həm də hakimiyyəti ardıcıl tənqid etməsi ilə tanınır. Bir dəfə o, Müdafiə Nazirliyinin vəsaiti necə mənimsəməsi, konservləşdirilmiş ət və digər ərzaqların hara yoxa çıxması barədə araşdırma yazdı. Bundan bir qədər sonra da Tbilisiyə köçməli oldu.

“Son altı-yeddi ay ərzində Gürcüstana köçən azərbaycanlı siyasi fəalları, jurnalistləri, hüquq müdafiəçilərini buradan çıxarmağa çalışırlar, – Muxtarlı danışır. – Bu vaxta qədər biz problemsiz yaşayır, işləyir, həmkarlarımızla görüşə bilirdiksə, indi oturum müddətini uzatmaqdan imtina edirlər. Bu problemlərlə mən, jurnalist Leyla Mustafayeva, siyasi fəallar Günel Mövlud, Hacı Hacıyev və başqaları üzləşib”.

Ötən ilin sonlarında Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Köçkünlər və Qaçqınlarla İş Üzrə Nazirliyindən kütləvi şəkildə “Gürcüstanın maraqlarının pozulması” və “əhalinin təhlükəsizliyi üçün təhdid” səbəbilə rədd cavabları gəlməyə başladı.

“Bu zaman bizdən konkret olaraq hansı təhdidin gəldiyini demirlər”, – Muxtarlı bildirir. Muxtarlının sözlərinə görə, onu və həmkarlarını müxtəlif güc qurumlarına çağırıblar.

Tbilisidə Əfqan kimi onlarla adam yaşayır, onların başına gələnlər isə aysberqin ancaq görünən hissəsidir. Ünsiyyətdə olduğumuz həmkarlarının əksəriyyəti də izləmə və təhdid barədə danışır, amma öz adlarının hallanmasını istəmirlər: bəzən sadəcə vəziyyəti daha da gərginləşdirməkdən, bəzən də Azərbaycanda qalan qohumlarına görə qorxurlar. Gürcüstan polisi onların şikayətlərini cavabsız qoyur, bəzən də açıq şəkildə bildirir ki, “siz Gürcüstanın maraqlarına zidd fəaliyyət göstərirsiz”.

Müxalifətçi Müsavat partiyasının üzvü Daşqın Ağalarlı 2014-cü ildə Azərbaycanı tərk edib, bundan sonra da onu vergidən yayınmağa görə axtarışa veriblər. 2014-cü ilin noyabr ayında o, Gürcüstanda həbs olunub, 6 ay istintaq təcridxanasında qalıb, ta yerli hüquq müdafiəçiləri onu azad etdirənə qədər. 2017-ci ilin əvvəllərində o, Gürcüstanda siyasi sığınacaq ala bilib, amma artıq mart ayında köçkünlər və qaçqınlarla iş üzrə nazirlik bu qərarın ləğv olunmasına nail olub və onu statusundan məhrum ediblər.

Çoxundan fərqli olaraq, Ağalarlı mətbuatla ünsiyyətdən qorxmur, ümidsiz vəziyyətdə olduğu üçün xəbərin geniş yayılmasını son müdafiə imkanı hesab edir. Mayın sonlarına qədər Gürcüstanı tərk etməsə, onu Azərbaycana deportasiya edəcəklər, orada da onu həbs gözləyir.

Səbəblər: benzin və qaz?

Gürcüstan hökumətini azərbaycanlı siyasi mühacirlərə təzyiq göstərməyə nə vadar edir? Onların çoxu hesab edir ki, Gürcüstan iqtisadi cəhətdən Azərbaycandan asılıdır və Azərbaycan hökuməti bundan təzyiq aləti kimi istifadə edir.

Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Gürcüstanın ən iri vergi ödəyicisidir , bu ölkəyə benzin və qaz verir.

Azərbaycanın Gürcüstana təzyiq göstərdiyi üçün Gürcüstanın dissidentlərə təzyiq göstərməsi versiyasını dolayı yolla iqtidar yönlü saytlardan birində qəzəbli yazılar seriyası da təsdiq edir, burada Azərbaycana siyasi qaçqınları təhvil verməyən Gürcüstanın ünvanına iradlar səsləndirilir.

Bildirilir ki, Gürcüstan iqtisadi cəhətdən asılı olduğu Azərbaycana xəyanət edir. Eyni zamanda qeyd olunur ki, “300 minə yaxın azərbaycanlı Gürcüstanda özlərinin qədim torpaqlarında yaşayır” .

Sığınacaq alan yeganə şəxs

Yeni “Kasablanka”nın daha bir personajı olan hüquq müdafiəçisi Vidadi İsgəndərli bu gün Gürcüstanda sığınacaq alan yeganə azərbaycanlı siyasi mühacirdir.

Amma əvvəlcə İsgəndərlinin sözlərinə görə, o, təzyiq və təhdidlərlə üzləşməli olub.

Onu uzun müddət nümayişkaranə şəkildə izləyiblər, bir dəfə də başından vurublar. İkinci dəfə ailəsini təhdid ediblər, üçüncü dəfə də tapança ilə hədələyərək, Azərbaycan hakimiyyətinin tənqid etməyi dayandırmağı tələb ediblər.

“Yoldaşım və qızımla Lisi gölündə istirahət edirdik. Mən bir az onlardan kənarlaşan kimi, iki nəfər onlara yaxınlaşaraq, deyib: “Deyəsən, ərinin ağlı başına gəlməyib. Baxın ha”, – İsgəndərli danışır.

“Gürcüstan dövləti məni qoruya bilmir, amma bunu rəsmi şəkildə etiraf da etmir, – o deyir. – Mən onun bunu etiraf etməsini istəyirəm ki, mənim və ailəmin təhlükəsizliyini təmin edə biləcək başqa ölkələrə müraciət edə bilim”.

“Kölgə fəaliyyəti” ilə mübarizə

“Azərbaycanın kölgə fəaliyyəti” ilə mübarizə çərçivəsində bu il Tbilisidə bəzi yerli azərbaycanlılar MeydanTV media resursuna qarşı mitinq keçiriblər. Təşkilatçılar bildirib ki, MeydanTV Gürcüstana zərər yetirir.

MeydanTV bu günlərdə məhkəmə qərarıyla bloklanmış resursdur. Bu saytda işləyən əksər jurnalistlərin adları artıq bir neçə ildir ki, “stop” siyahısına düşüb, yəni onlara rəsmi şəkildə ölkəni tərk etmək qadağan edilib. Bundan başqa, MeydanTV-nin müxbirləri dəfələrlə saxlanılıb, həbs olunub və dindirilib.

MeydanTV-nin Azərbaycandan vaxtında getməyə imkan tapan işçiləri tez-tez Tbilisiyə gəlirlər. Aprelin 19-da onlardan birini, siyasi mühacir Camal Əlini Gürcüstana buraxmadılar.

“Aeroportda mənə heç nə izah etmədilər, İstanbul reysinə mindirdilər ki, oradan da Berlinə gedim, – o deyir. – Bu zaman ən çox qorxduğun o idi ki, məni Berlinə yox, Bakıya göndərəcəklər”.

İqtidaryönlü sayt bu haqda yazır: “Onu niyə saxlamadılar axı? Azərbaycana təhvil vermədilər? Gürcüstan tərəfi Azərbaycana analoji xahişlə müraciət etsəydi, Bakı necə hərəkət edərdi?! Məgər rəsmi Tbilisi bunu bilmir?!”.

Həmin məqalədə Tbilisidə yaşayan az qala bütün siyasi mühacirlər adbaad sadalanır, hamısını da təhqiramiz şəkildə vətən xaini və sui-qəsdçi müxalifətçi adlandırırlar.

Gürcüstanın rəsmi dövlət müvəkkili – ombudsmen (xalq müvəkkili) aparatı bildirib:

“Biz Azərbaycanın bir neçə vətəndaşını araşdırırıq, amma onların hamısı oturum icazəsi və ya siyasi sığınacaq almaqla bağlı deyil. Əksər hallarda oturum icazəsi və ya siyasi sığınacaq üçün rədd cavabının verilməsinə əsas dövlət təhlükəsizliyi ilə bağlı olur, bu da öz növbəsində məxfi materiallarla əlaqədardır ki, onların da haqqında danışa bilmərik”.

“Human Rights House” QHT-nin koordinatoru Natia Tavberidze 2014-cü ildən Gürcüstanda azərbaycanlı siyasi və vətəndaş fəallarına dəstək göstərir. O, deyir ki, hazırda kömək üçün 90-a yaxın adam müraciət edib. Bu, təkcə fəalların özləri deyil, həm də onların ailə üzvləridir.

Eyni zamanda Tavberidze Gürcüstanda azərbaycanlı fəalların vəziyyətinin son bir necə ay ərzində ağırlaşdığını təsdiq edə bilmir. Onun sözlərinə görə, hələ heç kim təşkilatın işinə mane olmağa cəhd göstərməyib. Tavberidze deyir ki, hələ azərbaycanlı fəalların Gürcüstandan geri Azərbaycana deportasiyası presedenti olmayıb.

Gürcüstanda Azərbaycan vətəndaşlarının işləri ilə məşğul olan Nestan Londaridze deyir ki, Azərbaycan vətəndaşlarına oturum icazəsinin verilməsindən imtina üzrə məhkəmə qərarları üçün əsas çox vaxt Gürcüstan Dövlət Təhlükəsizliyi nəzdində Əks-terror Mərkəzinin rəyi olur. Bu zaman məlumat məxfi olur və vəkillər onunla tanış ola bilmir.

“Olub ki, məhkəmə iclası zamanı biz hakimin sifət ifadəsindən Əks-terror Mərkəzinin sənədini oxuduğunu anlamışıq. Hakim bizim üçün açıq olmayan materiallar əsasında qərar çıxarır”, – Nestan Londaridze deyir.

JAMnews Gürcüstanın yerləşdirmə və qaçqınlar üzrə nazirliyinə bir neçə konkret fakt üzrə Azərbaycan vətəndaşlarına oturum icazəsinin verilməməsinin səbəbləri ilə bağlı sualla müraciət etdi. Eyni zamanda biz nazirliyin Gürcüstan üçün bəzi azərbaycanlı fəallardan gələn təhdidi nə ilə əsaslandırdığını öyrənmək istədik. Çoxsaylı vədlərə baxmayaraq, nəticədə qurum bildirdi ki, Gürcüstan qanunvericiliyinə görə bu məxfi məlumatlardır və onları bizə təqdim edə bilməzlər.

JAMnews Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edərək, xidmətin məhkəmə və digər dövlət qurumlarına Azərbaycan vətəndaşları haqqında məxfi materiallar təqdim edib-etmədiyini, konkret fəallar tərəfindən törədilən hüquq pozuntuları və təhlükəsizlik üçün konkret təhdidlər aşkarlayıb-aşkarlamadığını açıqlamağı xahiş etdi. Material çapa hazır olana qədər xidmətdən cavab almaq mümkün olmadı.

Qorxu

Hüquq müdafiəçisi, Azərbaycan Qadın Krizis Mərkəzinin keçmiş rəhbəri Mətanət Əzizova Baş Prokurorluqda dindirildikdən sonra Bakıdan Tbilisiyə getməsi haqqında bunları danışır:

“Heyvani qorxu” ifadəsini eşitmisiz? Mən onu hiss etmişəm. Bu qorxunu sözlə ifadə etmək mümkün deyil. Yolda bizi DYP saxlayanda düşündüm ki, bu sondur, sərhəddə məni mülki geyimli şəxs saxlayanda düşündüm ki, bu sondur, səhər Tbilisidən Bakıya evə zəng vuranda mənə dedilər ki, evə axtarışa gəliblər, nədən xilas olduğumu anlayanda dəhşətə gəldim. Bütün hisslərim bir şeyin üstündə cəmlənmişdi: qorxu, çaşqınlıq, qeyri-müəyyənlik, özümü və yaxınlarımı xilas etməli olduğumu sonra hiss etdim.

Amma bu 2014-cü ildə idi. O vaxt dəstək və kömək vardı. İndi Gürcüstanda qalıb, Avropaya gedə bilməyənlər, həll olunmamış problemlər bataqlığındadırlar”.

 

Facebook Comments

Ən populyar

More on JAMnews