Oçamçirada turistlərlə bağlı vəziyyət pis olsa da, yeməklə hər şey yaxşıdır" />

20 ildir ki, buradan şirin pambığın qoxusu gəlmir

Oçamçirada turistlərlə bağlı vəziyyət pis olsa da, yeməklə hər şey yaxşıdır

Oçamçira şəhəri Abxaziyanın inkişafından kənarda qaldı. Bu da təəssüf doğurur, çünki gözəl şəhər və potensial olaraq əla kurortdur.

Çimərlik

Şəhərin girişində, boş sahildə diqqətimi dalğasındıranda tək balıq tutan adam cəlb etdi. Maşından düşüb, ona tərəf getdim və gördüm ki, bu balıqçı qadınıymış.

– Salam. Balıq satırsız?

– Yox, haradandır burada balıq. Elə-belə otururam burada. Vaxtımı öldürürəm.

Lyudmila dəniz qırağına balıq tutmağa deyil, dərdini unutmağa gəlir. Sentyabrda ərini dəfn edib, evdə tək qala bilmir, buna görə də tilovla sahildə oturmağa gəlir. Ondan necə çörək pulu qazandığını soruşdum. Lyudmila dedi ki, Rusiyadan pensiya alır və bu ona kifayət edir.

– Yayda çimərlikdə turistlər çox olur?

– Turistlər nə gəzir burada? Burada inəklərdən başqa çimərliyə heç kim getmir.

Burada təəccüblü heç nə yoxdur da. Bu rayondakı çimərliklər yumşaq tərzdə desək, acınacaqlı vəziyyətdədir. Sahil çox pis haldadır. Nə suvenirli və dondurmalı köşklər var, nə gülüş, nə də musiqi sədaları eşidilir. 20 ildir ki, burada şirin pambığın qoxusu gəlmir və tam sakitlik hökm sürür.

Amma çimərlikdə adamlar olmasa da, zibil xirtdəyə qədərdir. Ətrafda dərin quyular, daş və qum qarışıq təpəciklər var. Görünür, nəsə işə başlayıblar, amma birdən qeyri-müəyyən vaxta qədər təxirə salıblar.

Pul yoxdur

Oçamçira rayonunun başçısı Xrips Copuanın sözlərinə görə, rayonun büdcəsində pul olmasa da onlar öz gücləriylə şəhərin vəziyyətini yaxşılaşdıracaqlar. “2015-ci ildə bizdə dörd min turist istirahət etdi. Cəmi şəhərə ekskursiyaya 20 min turist gəldi. Amma bundan rayonun büdcəsinə heç nə daxil olmadı, – Copua deyir.

Bir sözlə, yerli çimərlikdə yer həmişə tapılar. Oçamçira yollarında da hələ uzun müddət tıxaclar olmayacaq, buna görə də dəniz havası sərin və təmizdir. Bura taksi ilə gəlmək daha rahatdır, amma avtobuslar da gəlir. Suxumda taksi sürücüsü ilə danışmaq olar və o sizi 1500 rubla [20 dollara yaxın] düz mehmanxanaya qədər gətirəcək.

Hələ 20 il əvvəl istirahət edənləri bax bu dəmir yolu vağzalı qarşılayırdı.

Oçamçira stansiyası Psou-İnqur xəttində yerləşir və Tkaurçal qolu olan qovşaq stansiyasıdır. Bu gün sərnişin hərəkəti yoxdur, ancaq Tkuarçaldan gətirilən kömür gəmilərə yüklənir.

Suxum-Oçamçira dəmir yolu sahəsi Rusiya hərbi dəmir yolçuları tərəfindən hələ 2008-ci ildə bərpa olunub. Amma sərnişin hərəkəti elə də bərpa olunmadı. Amma nə qədər təəccüblü olsa da vağzalda növbətçi otağı işləyir, başqa heç nə.

Kafe və yeməkxanalar

Diqqətimi düz inzibati binanın qarşısında yerləşən kiçik yeməkxana çəkdi. Artıq qaranlıq düşürdü və yemək və qızınmaq istəyirdim. Yeməkxanaya yaxınlaşanda qarşıma çıxan sahibi dedi: “Xoş gəlmisiz! Amma işığımız yoxdur.

Əvvəli yaxşı olmasa da, orada nəsə yemək ümidiylə yenə də içəri daxil oldum. Və sürprizlər başladı.

– Bizdə varenik, sup, püre, solyanka və ağ sousda toyuq var, eynən satsivi kimi.

– Porsiyalar necədir?

– Sənə çatar!

Oçamçira kafelərindəki qiymətlər əməlli-başlı sevindirir – bir porsiya varenik və çaya görə cəmi 90 rubl [1 dollara yaxın] ödədim. Supun böyük porsiyasını daha ucuz qiymətə – 80 rubla, kotlet və dadlı souslu püre isə cəmi 70 rubla verilir. Burada mamalıqa da hazırlayırlar, amma onu əvvəlcədən sifariş etmək lazımdır. Acikanı isə burada pulsuz verirlər, dadı və iyi əladır.

Oçamçirada ucuz qiymətə doyunca dadlı yeməklər yemək üçün kifayət qədər əla yerlər var.

“Mən bu köşkü icarəyə götürüb, balaca bir yeməkxana düzəltmək qərarına gəldim, indi də xanımımla burada işləyirik. Ev də kirayə veririk. Yayda adətən istirahət edənlərə adambaşı 250 rubla [təxminən 4 dollara] kirayə veririk. Az pul alıram, çünki şəraitim yoxdur. Burada elə şərait düzəldərdim ki, dünya üzündə beləsi olmazdı! Sadəcə pulum yoxdur, – Beslan deyir.

“Amma əla yaşayırıq. Burada acından olməzsən. Bax, mənim təsərrüfatım yoxdur, amma böyük ferması olan qardaşım var. Ət istəyəndə, ondan xahiş etmirəm, sadəcə gedib götürürəm. Qayınatamdan da belə edirəm, verməyəndə də deyirəm, nədir qızına nəsə verməyə heyfin gəlir. Vəssalam, bax belə yaxşı yaşayırıq.

Mehmanxanalar və alverçilər

Gündüz saat ikidir. Təsadüfən girdiyim yol kənarında mağaza. Adi taxta köşk. Tavan sallanıb və bəzi yerlərdə dağılıb, bununla belə, burada təkcə ərzaq deyil, həm də suvenirlər satılır. Elə buradaca dərmanlar da satılır. Özü də qiymətlər kifayət qədər bahadır – misal üçün, aspirin 30 rubldur [təxminən 50 sent].

Satıcı deyir ki, mövsüm vaxtı evinin bir otağını 450 rubla [təxminən 7 dollar] kirayə verir. Deyir ki, bu, şəhərdə orta qiymətdir, əlbəttə ki, əgər evdə lazımi şərait varsa.

– Necə yaşayırsız? – bizim maşınla onu mərkəzə aparmağı xahiş edən yerli sakin Merabdan xəbər alıram.

– Normal yaşayırıq. Düzdür, evlər dağılıb.

– Bəs niyə düzəltmirlər?

– Evləri götürüb, elə belə də saxladılar. İndi isə hökumətsahibkarlara yarım il ərzində bütün evləri qaydaya salmaq öhdəliyi qoyub. Əks halda əllərindən alacaqlar.

– Evləri almaq istəyənlər var?

– Var. Burada ruslar da ev alır və gözəl yaşayırlar. Düzdür deyirlər ki, rəsmiləşdirməklə bağlı problemlər yaranır, amma bu məsələ də deyəsən həll olunur.

Merab bizə danışdı ki, istirahət edənlər şəhərdə yayda da az olur, o da olsun qışda. Yerli sakinlər neylə çörək pulu qazanırlar – sualıma qəribə bir cavab verdi: “Yayda turizmlə, istirahət edənlərə ev kirayə verirlər, onları ekskursiyaya aparırlar. Qışda isə şərab süzüb, içir, istirahət edirlər, – Merab dedi.

Oçamçirada iki özəl mehmanxana və “Xadjimbanın evində qonaq evi var. Mehmanxananın birində təmir gedirdi və mən “Samşit 555 adlı digər mehmanxanaya getdim.

Burada standart otağın qiyməti 1,250 rubldur [təxminən 20 dollar], lüks otaqlar daha bahadır, qiymətlər üç min rubldan başlayır [təxminən 45 dollar].

Amma içəri daxil olmaq mümkün olmadı. Həyətdə iki stafford qaçırdı və mühafizəçi yolumuzu kəsdi, çünki orada da təmir gedirdi. “Yaya qurtararıq, onda da gələrsiz, – dedi.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər


More on JAMnews