Ərbilli kişilər stereotipləri sındırır " />

Centlmenlər İŞİD-ə qarşı. İraq kürdləri Dünyanın İraqa münasibətini necə dəyişir?

Ərbilli kişilər stereotipləri sındırır

İraq Kürdüstanının paytaxtı Ərbilin mərkəzi Bazar rayonunda tam kişi aləmi hökm sürür: piştaxtalarda kişilər üçün mallar, kişilərdən ibarət xidmət personalı, kafeyə gəlib-gedən kişilər. Burda hər addımbaşı əlil arabaları satan dükanlar var, ətrafda isə tez-tez şikəst insanlara rast gəlmək olar. Bütün bunlar qonşu Mosulda “İslam Dövləti” ilə artıq üç ildir ki, davam edən müharibənin əks-sədasıdır. Ərbil möcüzə nəticəsində 2014-cü ilin iyununda İraqın şimalına soxulan “İslam Dövlətinin” işğalına məruz qalmayıb. Əvvəl terrorçuların nəzarətində olan ərazilərlə sərhəd kürd paytaxtının lap yaxınlığından keçirdi. 2016-cı ilin oktyabrında hərbi əməliyyatların başlanması ilə məhv edilmiş kənd və şəhərlərdən qaçan məcburi köçkün axını burada məskunlaşdı…

Bu ilin əvvəlində Ərbildə yeni həyat rəmzi yarandı. Eyni dəyərlərlə birləşən bir qrup kürd kişisi əsas məqsədi dünyaya İraq Kürdüstanının dəbi, mədəniyyəti haqda danışmaq, İraqın sadəcə İŞİD-lə müharibə ilə, silahlı vətəndaş münaqişələri və neftlə deyil, başqa şeylərlə də maraqlı ola biləcəyini izah etmək olan Mr.Erbil adlı cəmiyyət yaratdı.

Layihə müəllifləri bizə Ərbilin şimalındakı Ankava rayonunda yerləşən əyləncə komplekslərindən birində – “Kitab” kafedə görüş təyin edir. Bura kürd paytaxtının ən az mühafizəkar ərazisidir. Tarixən Ankavada xristianlar yaşadığı üçün bu gün burada alkoqol satılan onlarla restoran və mağaza tapmaq mümkündür, müəssisələrdə isə başı açıq qadınları (bu, İraqda nadir rastlantıdır), həmçinin bir qayda olaraq jurnalist və beynəlxalq təşkilatların əməkdaşları olan əcnəbiləri görmək olar. Onlar Mosul və digər münaqişə zonalarındakı hadisələri izləmək üçün Ərbilə gəlirlər.

Mr.Erbil-in təsisçiləri Əhməd Nazad Ömər Nihad, Qoran Pştivan və Rava Salih kafenin siqaret çəkilən ikinci mərtəbəsində uzun masanın ətrafında oturublar. Onlar gülümsəyərək bizimlə, qadınlarla əl verib görüşürlər. Bu, qadınla məsafədən ünsiyyət saxlamağın doğru sayıldığı mühafizəkar müsəlman cəmiyyətində nadir haldır.

Mr.Erbil iştirakçıları özlərini centlmen, layihələrini isə centlmen klubu adlandırırlar. Onların hər biri əyninə ideal ütülənmiş köynək, yun qalstuk, pencək və ya sürtük, eleqant şalvar geyinir. Arxaya daranmış qara saçlar, səliqəli bığ-saqqal – eynən Instagram-dakı fotolarda olduğu kimi, onların artıq bütün dünyadan 78000 abunəçisi var. Centlmenlər növbə ilə bir-birlərinə “şişa” – qəlyanı ötürürlər.

– Amma qəlyan çəkməyimizi çəkməyin, – Əhməd bic-bic gülərək deyir. – Qaydalarımıza görə bunu göstərmək olmaz. Axı biz centlmenik.

Mr.Erbil layihəsi bir il əvvəl universitet yoldaşlarının kampaniyasında yaranıb. Əsas birləşdirici amil geyimlə bağlı ortaq zövq və yaşam üslubu olub.

– Biz hamımız məşhur kişi dəbi festivallarını təşkil edən  və müasir dendizmi yayan Pitti Uomonun böyük pərəstişkarı idik. – Əhməd danışır. – Biz görürdük ki, şəhərdə dəblə bağlı zövqü bizimlə eyni olan çoxlu gənclər var. Düşündük ki, niyə də Kürdüstanda belə bir şey eləməyək?

Centlmenlər hərəkatı beləcə ərsəyə gəldi. Sonra onlar saqqalı səliqəyə salmaq üçün xüsusi yağlar istehsal edən Rishn şirkətini yaratdılar və Kürdüstanın yerli fabriklərində yun qalstukların istehsalına başladılar.

– Biz öz Kürdüstan istehsalçılarını dəstəkləyirik, – Əhməd izah edir. – İnsanlar çox vaxt düşünür ki, Avropa şirkətləri paltarları bizdən daha yaxşı istehsal edir, biz isə bunun belə olmadığını sübut eləmək istəyirik.bizim üçün bu, hələ biznes deyil, daha çox biznesə çevirmək istədiyimiz hobbidir. Bizim centlmenlərdən hər birinin öz işi var, layihəylə isə əsasən axşamlar, asudə vaxtımızda məşğul oluruq. Amma ümid edirəm ki, kişilər üçün dünya səviyyəsində geyim və aksessuarlar hazırlaya biləcəyik və getdikcə böyüyəcəyik…

Mr.Erbil-in işə saldığı daha bir təşəbbüs – «Women Inspiration Day» hər həftə təkrarlanan qadınlarla həmrəylik aksiyasıdır. Biz qadınları dəstəkləyirik, – Ömər deyir. – Qadınlar öz haqları uğrunda mübarizə aparırlar, kişilər isə həm öz, həm də qadınların hüquqları uğrunda mübarizə aparırlar. Bəlkə də bu, daha mürəkkəbdir. Hər cümə axşamı Instagram-da Kürdüstanda vacib işlə məşğul olan bir qadının hekayəsini yazırıq. Bu, onların dəstəklənməsi üçün atılan xırda addımlardır, amma onların özü üçün böyük mənası var.

İlk dəfə Mr.Erbil layihəsi haqda İraqın hüdudlarından kənarda bu ilin yanvarında Vocativ platformasında onlar haqda yazılandan sonra eşidiblər. Bunun ardınca BBC, GQ, Elle və digər dünya mediasının yazıları sıralandı. Amma yerlilər onlara şübhəylə yanaşdılar.

– Başladılar danışmağa ki, biz İŞİD-i dəstəkləyirik, – Əhməd gülür. – sadəcə ona görə ki, biz radikal islamçılar kimi uzun saqqal saxlayırıq. Amma zamanla insanlar anladılar ki, siyasət deyil, bu daha çox dəbdir. Bizim İŞİD-lə heç bir əlaqəmiz yoxdur.

Mr.Erbil iştirakçıları bildirirlər ki, onların hərəkatı qeyri-siyasidir. Onlar heç bir dini və ya etnik qrupa üstünlük vermirlər, centlmen klubuna müsəlmanlar, yezidlər, yəhudilər, xristianlar – İraq Kürdüstanında təmsil olunan bütün azlıqlar daxildir. Amma yenə də layihənin fəaliyyəti mövcud olduğu siyasi reallıqdan tam kənar ola bilməz.

– Müharibə lap yaxınımızda baş verir, – Əhməd deyir. – Biz yenicə başlayanda ölkəni iqtisadi böhran bürümüşdü. Cəmiyyətdə depressiya və neqativ çox idi. İndi qulağımızın dibində bədheybətlər var – “İslam Dövləti”. Amma bu o demək deyil ki, bizim normal həyatımız olmamalıdır. İŞİD-ə qarşı mübarizə aparanlar var, amma gələcək nəsillər üçün normal həyatı yaşadan və inkişaf etdirənlər də olmalıdır. əgər hamı döyüşə getsə, kim qalıb uşaqlara dərs deyəcək? Bunun da qeydinə qalmaq lazımdır! Biz də çalışırıq ki, cəmiyyətə müsbət impuls verək.

Əhməd deyir ki, centlmen klubunun üzvləri anlayırlar ki, dəb müharibəni dayandıra və ya dünyanı dəyişə bilməz. Amma ən azından bütün dünyadakı digər insanlara İraqda sadəcə müharibə və İŞİD olmadığını, həm də mədəniyyətin olduğunu aşılaya bilər, və bunu qoruyub, inkişaf elətdirmək vacibdir.

– Dəb bizim üçün insanlara bir qədər ümid və enerji verə biləcək bir nəsnədir, – Əhməd deyir və kübarca qəlyandan bir qullam vurur.

 


More on JAMnews