Batumidə "Türk məhəlləsi" - gözəl və mübahisəli" />

Qara dəniz sahillərində

Batumidə "Türk məhəlləsi" - gözəl və mübahisəli

Köhnə Batumidəki balaca çayxanada səhərdən qələbəlikdir. İndi günəşli şənbə günüdür və çayxananın daimi müştəriləri kafenin qarşısındakı səkidə masanın ətrafına yığışıblar.Bəziləri armudu stəkandan çay içərək vaxtlarını qəzet oxumaqla keçirir, digərləri isə günəşin yandırıncı şüalarından kafenin içərisində gizlənirlər, burada qızğın kart və domino oyunları gedir.

Yalçın İbrahimoğlu öz həmvətənliləri ilə oynamır. Çayxana önündə əyləşib, özünün təptəzə avtomobilinə müştəri axtarır. O artıq səkkiz aydır ki, Batumidə yaşayır və avtomobillərin ixracı və satışı ilə məşğuldur.

Yalçın İbrahimoğlu türk məhəlləsi adlanan Kutaisi küçəsindəki çayxananın qabağında.

“Bura gəlməzdən əvvəl yük maşınını sürürdüm və bir ölkədən digər ölkəyə səfər etməli olurdum. İlk dəfə Batumiyə turist kimi gəlmişdim, daha sonra dostlarımın məsləhəti ilə bura köçməyə qərar verdim. Mənə dedilər ki, burada bizneslə məşğul olmaq asandır. Bəlkə bəxtim gətirdi deyə, özümü sınamaq istədim”, – Yalçın deyir.

Yalçının valideynlərinin şəxsi inşaat biznesi var. Gələcəkdə o da inşaatla məşğul olmağı düşünür. Hələlik isə, Ədliyyə Nazirliyindən Gürcüstanda daimi yaşayış haqqı alana qədər o, vaxtını həmvətənliləri ilə Batuminin Kutaisi küçəsində çay içməklə keçirir.

Kutaisi küçəsi və ona bitişik olan ərazini yerli sakinlər “türk məhəlləsi” adlandırırlar. Köhnə Batumidəki limandan iki dəqiqəlik məsafədə yerləşən küçədə onlarla türk restoranı, kafe, çayxana, mağaza, gözəllik salonu, mehmanxana, diskoteka və poker-klubları var.

[YoutubeVideo_0bdb1ce40115437f8e2513f1924653d2] 

Köhnə Batuminin “türk məhəlləsi” burda yaşayan və qonaq gələn türklərin yığışdığı yerdir. Çoxlu sayda əyləncə obyektlərindən başqa, bu yer türkləri həm də ona görə cəlb edir ki, burda Batuminin əsas məscidi yerləşir və hər gün azan səsləri gəlir.

Batuminin Kutaisi küçəsindəki Orta Camə məscidi

Bu dar küçədən keçdikdə özünü İstanbulda hiss edirsən. Restoranlardan “xoş gəldiniz” sözləri, dinamiklərdən türk musiqisi eşidilir, havadan isə şaurmanın qoxusu gəldikcə, bu hiss daha da güclənir.

Suleyman – “Karadeniz” restoranının gürcü aşpazı. Deyir ki, şəhərdə ən dadlı şaurmanı o hazırlayır

“Türk məhəlləsi”ndə yerləşən obyektlərin əksəriyyətinin sahibi türklər, xidmətçi personal isə gürcülərdin. Onlar arasında bizneslə məşğul olmaq üçün ölkəyə gələn məshəti müsəlmanları da var.

“Gürcüstanda yaxşı sistem var. Vergiləri ödəsən, heç bir problem olmayacaq. Mənim restoranımda bütün kollektiv bir ailə kimi mehribandır. Bura mənim evimdir”, – “Karadeniz” restoranın sahibi 45 yaşlı Murad Özgençi-Gencaloğlu deyir.

Murad Özgençi-Gencaloğlu, “Karadeniz” restoranının sahibi

Murad əslən gürcüdür. Onun əcdadları yüz ildən artıqdır ki, Türkiyədə yaşayır. O, yeddi bacı-qardaşı ilə birlikdə Artvində böyüyüb. İşində uğur qazanana qədər o böyük çətinliklərdən keçməli olub. Artıq 11 yaşında ikən o tikintidə yük daşımaqla məşğul olub, amma onun sözlərinə görə, bu ona əməyə qiymət verməyi öyrədib. Batumidəki restoran biznesindən savayı onun ailəsi yaşadığı Türkiyədə də biznesi var.

“11 yaşımdan yük daşımışam. Mən əməyin qiymətini çox yaxşı bilirəm. Mənim 45 yaşım var, amma 15 gün belə dincəlməmişəm. Saat yeddidə-səkkizdə gəlirəm, bazara gedirəm və gecə saat 12-yə qədər burada oluram. Biz çox çətinliklərdən keçmişik, nə buğda, nə qarğıdalı yox idi və anam onları Abxaziyadan gətirib satmalı olurdu,” – Murad xatırlayır.

Muradın “Karadeniz” restoranı Kutaisi küçəsində çox məşhurdur. Restoran sahibi fəxrlə gürcüləri də qonaqladığını deyir, hətta onların arasında yerli hakimiyyət nümayəndələri də var. 2009-cu ildə Murad öz restoranını açıb və vətəndaşlıq alıb. İndi o, həftənin iki gününü ailəsi ilə birlikdə Artvində, qalan vaxtı isə Batumidə öz restoranında keçirir.

Türk restoranının işçiləri günəşin altında qızınır

Küçə limana yaxın yerləşdiyi üçün, həmişə etnik müxtəlifliyi ilə seçilib. Batuminin bu kiçik rayonunda uzun illər boyu yunanlar, ermənilər, ruslar, azərbaycanlılar, gürcülər və yəhudilər böyür-böyürə yaşayıblar.

Türkiyədən olan turistlər türk məhəlləsində

90-cı illərdən sonra müxtəlif millətlər tədricən bu küçəni tərk etməyə başladı. Burada “türk məhəlləsi”nin inşası 2003-cü ildən başlayıb. Türk restoranları, mehmanxanaları, poker-klubları və digər əyləncə obyektləri burada göbələk kimi çoxaldılar.

Qəlyan burada mütləqdir

Türk məhəlləsində bazar günü. Türk qonaqları çayxananın qarşısında

Tədricən Batumi meriyasına şikayət edən yerli əhalinin narazılığı da artırdı. Onlar hələ də türk obyektlərinin artan sayına şübhə ilə yanaşırlar.

‘Mən burada artıq 45 ildir yaşayıram. Limana yaxın olduğundan, burada müxtəlif inanc və millətin nümayəndələri yaşayıb, amma heç kim heç kimi narahat etmirdi. İndi isə gecə küçəyə çıxmaq mümkün deyil. Onlar özlərini çox həyasız aparırlar, sözün əsl mənasında camaatın içində bir-birlərinin üzərinə hoppanırlar. Evə onlarla qarşılaşmamaq üçün dolanbac yollarla gəlməyə çalışıram,”- 75 yaşlı Makvala Cicavadze mehmanxana və disko klubların qonaqlarını təsvir edir.

Bu italyan həyəti “türk məhəlləsi”nin qarşısında, Kutaisi küçəsində yerləşir. Yerli sakinlər türk restoranları və barlardan gələn səs-küydən narazılıq edirlər.

56 yaşlı Əhməd Kadidze də eyni problemlərdən danışır. O Kutaisi küçəsindəki rahat italyan həyətində artıq 20 ildir ki, yaşayır. Kadidzenin sözlərinə görə, o rayondakı əksər türklərlə tanışdır və hətta bəziləri ilə dostluq edir. Buna baxmayaraq, öz narazılığını gizlətmir.

‘Bizim küçə rayondakı ən sakit və rahat küçələrdən idi. Burada istirahət etmək mümkün idi. Arvad-uşağı təkcə küçəyə buraxıb, kiminsə onlara qarşı artıq hərəkətə yol verməyəcəyinə əmin ola bilirdin. İndisə qorxursan ki, kimsə onlara başqa gözlə baxar”, – Əhməd deyir.

Rəcəb Aydın-Baramidze, ət dükanının sahibi. Artıq 10 ildir ki Acariyada yaşayır. Boş vaxtlarını dostları ilə çay içməklə keçirir

Ünsiyyətdə olduğumuz türklər, yerli sakinlərin narazılığının səbəbini anlamadıqlarını bildirdilər. Tez-tez gərginlik hiss olunur, amma hələlik iş münaqişəyə qədər çatmayıb.

“Bilirsiz, vəziyyət necədir? Əgər siz yuxarıda yaşasaydız və mən aşağıda bütün gecə musiqi səsləndirsəydim, sizin xoşunuza gələrdimi? Biz içkili insanlar sonra səs-küy salmasın deyə, spirtli içki belə satmırıq. Burada yaşayan 100 türkdən yalnız 20-si normal insandır. Digərləri ya qonşuluqda zər atır, ya da səs-küylü diskotekalar təşkil edir. Bu mənlik deyil” –Muraz Özgenci-Gencaloğlu deyir.

Kutaisi küçəsindəki obyektlərin çoxunu məshəti müsəlmanları və türklər kirayələyir. Küçə sakinləri ümid edirlər ki, bir gün kommersiya obyektlərinin sahibi olan gürcülər qonşuların fikrini nəzərə alıb, öz obyektlərini türklərə icarəyə verməyəcəklər.

“Başa düşürəm, çətin ki yerlilər mənim qonşularıma icarə haqqı olaraq bu qədər dollar verə bilsin, amma ümid edirəm ki, mənim də fikrim nəzərə alınacaq. Türklərə görə mənzilimi dəyişmək istəməzdim ki, onlar da burada keflə yaşasınlar”, – Makvala Gigavadze deyir.


Amma heç də hamı bu fikirlə razı deyil. Çoxlarının bu rəngarənglikdən və şərq müxtəlifliyindən xoşu gəlir. 
“Şəhərimdə belə bir məhəllənin olmasından xoşum gəlir. Olduğum bir çox Avropa şəhərlərində türk, çinli, ərəblərin yaşadığı küçələr və bütöv məhəllələr var, onlar öz mədəniyyətlərinə xas olan müəyyən cizgilər gətirirlər. Biz, batumlular nə qədər şikayət etsək də, bu bizim gələcək inkişafımız üçün vacib və qaçılmaz bir prosesdir”, – batumlu Georgi Davitadze deyir.

  • Gürcüstan Ədliyyə Nazirliyinin 2015-ci ilə olan statistik məlumatlarına görə, Acariyada 1591 Türkiyə vətəndaşı yaşayır, onlardan 269 nəfərin Gürcüstan vətəndaşı, 1002 nəfərin müvəqqəti, 89 nəfərin isə daimi yaşayış statusu var.
  • 2015-ci ilə olan məlumata görə, türk sərmayələri Acariya regionunun özəl sektoruna birbaşa xarici sərmayələrin ümumi həcminin 39 faizini (107,5 milyon ABŞ dolları) təşkil edib, bu da ötən ilin analoji göstəricisi ilə müqayisədə 66% çoxdur.
  • Başqa ölkələrlə müqayisədə Türkiyə turistlərin sayına görə birinci yer tutur. Sərhədi keçmə statistikasına görə, ötən il regiona 78 633 türk turisti səfər edib, bu da 2014-cü ilin analoji göstəricisi ilə müqayisədə 1,2% çoxdur.

Dərc olunub 08.04.2016


More on JAMnews