Ötən il Cənubi Qafqazda neçə hərbçi və hansı şəraitdə həlak olub?" />

2016-cı ildə hərbi itkilər

Ötən il Cənubi Qafqazda neçə hərbçi və hansı şəraitdə həlak olub?

“Kavkazski uzel”

Ötən il ərzində Azərbaycan, Ermənistan və Gürcüstanın təhlükəsizlik və müdafiə strukturlarında xidmət edən ən azı 221 nəfər hərbi əməliyyatlar zamanı həlak olub. Bu haqda Xəzər Hərbi Tədqiqatlar İnstitutu (CDSI) bildirir. Məlumatlar rəsmi xəbərlərin, həm də kütləvi informasiya vasitələrinin monitorinqi əsasında əldə olunub.

İnstitutun məlumatına görə, Ermənistanın təhlükəsizlik və müdafiə qurumlarının bölmələrində (bura CDSI Dağlıq Qarabağ üzrə statistikanı da daxil edib) 165, Azərbaycandan 147, Gürcüstandan isə altı nəfər həlak olub və ya öldürülüb.

“Daha çox qurban 2-5 aprel 2016-cı il Dağlıq Qarabağ münaqişəsinin eskalasiya dövrünün  payına düşür. O vaxt rəsmi məlumata görə, Azərbaycanın insan itkiləri 92, Ermənistan tərəfinin isə 77 nəfər təşkil edib. Amma qurbanların real sayı fərqli ola bilər, çünki hər iki tərəfin hərbi qurumları düşmənin daha çox itki verməsindən xəbər verib”, – CDSI-nin direktoru Cəsur Sümərinli bildirib.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (CDSI) öz işinə 2015-ci ilin fevral ayında Almaniyada başlayıb. Onun yaradıcılarından biri əvvəllər “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə rəhbərlik edən, amma 2014-cü ilin sentyabr ayında Azərbaycanı tərk edən Cəsur Sümərənli oldu. CDSI vurğulayır ki, açıq məlumatlarla işləyir.

Ətraflı məlumat, ölkələr əlifba sırası ilə göstərilib.

Azərbaycan

2016-cı ildə Azərbaycanda insan tələfatı 147 nəfər təşkil edib, o cümlədən 109 nəfər hərbi əməliyyatlar zamanı öldürülüb, 38 nəfər isə qeyri-döyüş şəraitində həlak olub.

Qeyri-döyüş şəraitində itkilərə gəlincə, dörd hərbçi yol-nəqliyyat hadisəsi nəticəsində ölüb, 10 nəfər intihar edib, beş nəfər bədbəxt hadisənin qurbanı olub, üç nəfər ehtiyatsızlıq nəticəsində, üç nəfər naməlum səbəblərdən ölüb, səkkiz nəfər əsgər yoldaşı tərəfindən güllələnib.

142 hərbçi Müdafiə Nazirliyində, iki nəfər daxili qoşunlarda, bir nəfər Ədliyyə Nazirliyinin güc qurumlarında, iki nəfər Dövlət Sərhəd Xidmətində xidmət edib:

·      84 nəfər həlak olan müddətli hərbi xidmətdə idi,

·      18 nəfər müqavilə üzrə xidmət edirdi,

·      12 nəfər gizir,

·      33 nəfər isə zabit idi.

“Xəzər” Hərbi Araşdırmalar İnstitutu həm də 60 yaralı və bədən xəsarətləri alan hərbçilər barədə məlumat verir. Onlardan 50 nəfəri güllə yarası alıb, beş nəfəri minaya düşüb, daha beş nəfər qeyri-döyüş şəraitində xəsarət alıb.

“Çox güman ki, 2-5 aprel 2016-cı ildə baş tutan döyüşlərdə yaralananların sayı daha çoxdur. Amma Azərbaycan tərəfindən bu dövr ərzində yaralananlar barədə rəsmi statistika yoxdur”, – Sümərinli deyir.

CDSI-nin məlumatına görə, 2015-ci ildə həlak olan 76 Azərbaycan hərbçisindən 37 nəfəri cəbhə xəttində öldürülüb: 34 nəfər güllə yarasından ölüb, 3 nəfər minaya düşüb.

Bir qədər öncə CDSI bildirdi ki, Dağlıq Qarabağda 12 may 1994-cü ildən 7 aprel 2016-cı ilə qədər təxminən 22 il ərzində qüvvədə olan atəşkəs rejimi dövründə Azərbaycan Silahlı Qüvvələrində iki minə yaxın adam öldürülüb və yaralanıb. Onlardan 785 nəfər öldürülüb, 125 nəfər minaya düşüb.

Ermənistan

2016-cı ildə Ermənistan və Dağlıq Qarabağ silahlı qüvvələrinin 165 hərbçisi öldürülüb və həlak olub, o cümlədən 112 nəfər hərbi əməliyyatlar zamanı, 53 nəfər isə qeyri-döyüş şəraitində ölüb.

Qeyri-döyüş şəraitində ölənlər arasında:

·      13 nəfər avtomobil qəzalarında ölüb,

·      12 nəfər intihar edib,

·      22 nəfər əsgər yoldaşları tərəfindən öldürülüb,

·      4-ü bədbəxt hadisə nəticəsində,

·      2 nəfər də xəstəlikdən ölüb.

Ermənistan və Dağlıq Qarabağ silahlı qüvvələri 27 zabit, 31 müqavilə ilə xidmət edən əsgər və 107 müddətli hərbi xidmət əsgərlərini itirib. “Onların hamısı Ermənistanın Müdafiə Nazirliyinin hərbi hissələrində, o cümlədən də Dağlıq Qarabağdakı birləşmələrdə xidmət edib”,- CDSI-nin araşdırmasında deyilir. 

2016-cı ildə Ermənistan və Dağlıq Qarabağ tərəfindən 173 hərbçi yaralanıb. Bunlardan 151 nəfəri hərbi əməliyyatlar zamanı yaralanıb, 15 nəfəri yol-nəqliyyat hadisəsi, 7 nəfər də bədbəxt hadisələr nəticəsində xəsarət alıb.

“Xəzər” Hərbi Araşdırmalar İnstitutu Ermənistan və Dağlıq Qarabağ tərəfində döyüşən, amma rəsmi güc qurumlarının şəxsi heyətində olmayan könüllülərlə bağlı statistikanı ayrıca verir. 2016-cı ildə 20-yə yaxın belə könüllü hərbi qarşıdurma nəticəsində ölüb, daha 15 nəfər yaralanıb.

Gürcüstan

Gürcüstanın Silahlı Qüvvələrində 2016-cı ildə 6 nəfər həlak olub. Onlardan biri xəstəlikdən, üçü bədbəxt hadisə nəticəsində, iki nəfər də yol-nəqliyyat hadisəsi zamanı ölüb.

Ölənlərdən biri zabit, qalan beş nəfər sıravi heyət hərbçiləri olub. Hərbçilərin hamısı Gürcüstanın Müdafiə Nazirliyində qulluq edib.

“İstisna olunmur ki, Gürcüstanın Silahlı Qüvvələrində itkilərin statistikası daha böyük ola bilər. İnstitutumuz bu istiqamətdə araşdırmanı davam etdirir”, –  CDSI-nin məlumatında deyilir.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu Abxaziya və Cənubi Osetiyanın silahlı qüvvələrində itkilərlə bağlı statistikanı vermir.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər


More on JAMnews