Əməliyyat zamanı yaralanan xüsusi təyinatlı vəfat edib. Hakimiyyət hələ əməliyyatın nəticələrini şərh etmir" />

Tbilisidə ehtimal olunan terrorçulara qarşı xüsusi əməliyyat sona çatıb

Əməliyyat zamanı yaralanan xüsusi təyinatlı vəfat edib. Hakimiyyət hələ əməliyyatın nəticələrini şərh etmir

REUTERS/Irakli Gedenidze

REUTERS/Irakli Gedenidze

17:20

Tbilisidə ehtimal olunan terrorçulara qarşı xüsusi əməliyyat başa çatıb. Rustavi-2 telekanalının məlumatına görə, əməliyyatın bitməsi faktını Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətindən təsdiq ediblər. Amma xüsusi əməliyyatın nəticələri haqda hələlik məlumat verilmir. Jurnalistlər bildirirlər ki, texnika və xüsusi təyinatlılar əməliyyat ərazisini tərk edir.

Bu gün Tbilisidə anti-terror əməliyyatı zamanı yaralanan xüsusi təyinatlı dünyasını dəyişib. Bunu Gürcüstan mediasına İnqorokva adına xəstəxananın həkimi təsdiqləyib. Xüsusi təyinatlı bu gün səhər atışma zamanı yaralanmışdı.

Bundan başqa Rustavi-2 telekanalının məlumatlna görə, xüsusi əməliyyat ərazisindən az əvvəl iki təcili yardım maşını çıxıb, ehtimal olunur ki, başqa yaralılar da var. Rəsmi şəxslər isə hələlik xüsusi əməliyyat nəticəsində yeni yaralıların və ya ölənlərin olduğunu təsdiqləmir.

Zirehli texnika və qumbaraatanlarla hücum nəticəsində binada yanğın meydana gəlib, yanğınsöndürənlər alovu ram etməyə çalışır.

14:50

Terror təşkilatı ilə əlaqəli olduqları ehtimal edilən şəxslərin gizləndiyi Qabriel Salosa prospektindəki mənzilin sahibi hazırda Gürcüstanın Pankisi dərəsində (çeçen və kistinlərin kompakt yaşadığı region) polis şöbəsində dindirilir. Bu haqda Gürcüstanın İnterpressnyus agentliyi xəbər verir. Hazırda Gürcüstan DTX-nın xüsusi təyinatlıları mənzilə hücum edir.

Agentliyin məlumatına görə, Duisi kəndinin sakini Aslan Jabraloyev Tbilisidəki mənzili bir neçə ay əvvəl kirayə verib. O özü Axmeta şəhərində yanacaqdoldurma stansiyasında işləyir.

Hələlik mənzil sahibinin şübhəlilərlə hansı münasibətdə olduğu məlum deyil, o, baş verənləri hələ ki heç cür şərh etməyib.

14:00

Tbilisidə artıq bir neçə saatdır ki, çoxmərtəbəli binaların birində gizlənən terrorçuluqda şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı xüsusi əməliyyatın aparıldığı İsani rayonunda xüsusi təyinatlılar binaya hücuma başlayıb. İntterpressnyus agentliyinin hadisə yerində olan müxbiri bildirir ki, xüsusi təyinatlılar şübhəlilərin sığındığı mənzilə daxil olmağa çalışırlar, amma onlar müqavimət göstərir – pəncərədən qumbara atırlar.

Bina xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb, atışma gedir.

DTX-nin şərhi – bir nəfər saxlanılıb

Gürcüstan DTX nümayəndəsi bildirib ki, şübhəlilərdən biri saxlanılıb, digərlərinin də saxlanılması üçün əməliyyat aparılır. Şübhəlilər Gürcüstan vətəndaşı deyil və onların terror təşkilatının üzvləri olduğu ehtimal edilir.

Əməliyyat başlanana qədər xüsusi xidmət orqanları əməkdaşları onlarla danışıqlara girib və təslim olmağı təklif edib, bunun cavabında isə onlar atəş açıblar və nəticədə xüsusi təyinatlılardan biri yaralanıb.

DTX nümayəndəsinin sözlərinə görə, şübhəlilərin “dəqiq identifikasiyası istiqamətində tədbirlər görülür”.

O həmçinin bildirib ki, hüquq-mühafizəçiləri silahlı qruplaşma üzvlərinin gizlədiyi binanın, o cümlədən də yaxınlıqdakı evlərin sakinlərini evakuasiya edib. DTX vətəndaşları əməliyyatın keçirildiyi əraziyə yaxınlaşmamağa çağırıb.

Xüsusi əməliyyat gecə saatlarında başlayıb

Bu gün səhər əməliyyat keçirilən əraziyə zirehli texnika və xüsusi təyinatlılardan ibarət əlavə qüvvə gətirilib.

Xüsusi əməliyyat gecə saatlarında başlayıb. Əməliyyatı Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Terror Əleyhinə Departamenti həyata keçirir.

Əməliyyat ərazisində bütün gecə atışma və partlayış səsləri eşidilib.

Əməliyyat başlamazdan əvvəl çoxmərtəbəli binanın sakinləri evakuasiya edilib, səhər saat 11 radələrində isə yaxınlıqdakı binaların sakinləri də hüquq-mühafizəçilərinin yardımı ilə evlərini tərk ediblər. Bütün gecə rayonun elektrik və qaz təchizatı dayandırılıb. Binanın bir hissəsi dağılıb.


More on JAMnews