Azərbaycanda məşhur olan romanın ekranlaşdırılması: bizi bütün dünyaya necə göstərdilər? " />

Əli və Nino və ya onlardan qalan

Azərbaycanda məşhur olan romanın ekranlaşdırılması: bizi bütün dünyaya necə göstərdilər?

Bu filmdə necə çəkildim

Dar korset nəfəs almağıma mane olurdu və keçmiş dövrlərdə niyə xanımların tez-tez huşunu itirdiyini anlamağa başladım. Fevral ayı idi, nazik ziyafət paltarında üşüyürdün, saçıma sancılan əlliyə yaxın baş sancağından isə axşama doğru başım bərk ağrımağa başladı. Bunun müqabilində də ətrafda əsl, gözəl kino çəkilir, həddən artıq gözəl yaradıcı ab-hava var, rəfiqələrim də ayağında uqqi olan Mariya Valverdini canlı-canlı görə bildiyim üçün mənə qibtə edirlər.

“Əli və Nino filminin çəkilişlərində təsadüfən, adi statist rolunda çıxış edirdim və düzü baş verənlərin miqyasına heyrətləndim. Milyonçu Zeynalabdin Tağıyevin evində ziyafət səhnəsi üç gün ərzində səhərdə gecəyə qədər çəkildi. Hər dəfə də qışqırmaqdan səsi batan rejissor assistentləri statistlərin yerlərini dəyişir, Əli və Nino isə
şərq rəqsini oynamağa çıxırdılar. Ümumiyyətlə ətrafımda baş verənlər o dərəcədə maraqlıydı ki, az qala Vladimir İlyiç Leninin “İncəsənətin ən vacib qolu kinodur sözləri ilə razılaşmağım gəldi.

Təbii ki, bütün bunlardan sonra mənim bu filmə baxmamağa mənəvi haqqım yoxuydu. Və bilirsiz nə demək istəyirəm, Vladimir İlyiç. Haqlı deyildiz.

Qafqazın Romeo və Culyetası

Film azərbaycanlı mühacir yazıçı Qurban Səidin romanı əsasında çəkilib. 1937-ci ildə alman dilində yazılan bu roman o vaxtlar böyük səs-küyə səbəb oldu və məqalələrə və kitab annotasiyalarına inansaq, Qərb oxucularının çox xoşuna gəldi. Və niyə də ki xoşlarına gəlməyəydi – burada həm ekzotik şərq ölkəsi, həm qadağan olunmuş ehtiras, həm də böyük tarixi hadisələr yer alıb.

Romanın mərkəzində gənc Əli Xan Şirvanşirlə gürcü knyaz qızı Nino Kipianinin sevgisi durur. Əli xan köhnə adətlərlə böyüyən müsəlman, Nino isə azadsevər avropalaşmış xristiandır. XX əsrin əvvəli, Bakı, neft bumu, müharibə, inqilab, Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və onun Asiya dövləti olaraq qalması və ya “Avropaya doğru hərəkət etməsi ilə bağlı mübahisələr. Yeri gəlmişkən, bu məsələni biz artıq yüz ildir ki, müzakirə edirik və mövzu hələ də açıq olaraq qalır. Öz mahiyyəti etibariylə “Əli və Nino iki sevgilinin misalında müsəlman və xristian, Avropa və Asiya mədəniyyətlərinin qarşıdurmasından, həm də bütün bu ziddiyyətlərdən daha güclü olan sevgidən bəhs edir.

Hətta belə demək olar ki, “Əli və Nino bütün Cənubi Qafqaz üçün simvolik bir əsərdir. Hər halda görünür, gürcü heykəltəraşı, Batumi bulvarında quraşdırılan mobil Əli və Nino heykəlinin müəllifi Tamara Kvesitadze belə hesab edib. Bütün bu deyilənlərdən sonra aydın olur ki, romanı ekranlaşdırmaq qərarı veriləndə Azərbaycanda hamını bunun necə alınacağı maraqlandırırdı.

Xalqın səsi

Film 2015-ci ildə Britaniyanın “PeaPie Film kino şirkəti tərəfindən çəkilib. Rejissoru Asif Kapadıya oldu, ssenarini isə Kristofer Hempton yazdı (onun da Qurban Səid ömrünün axırına qədər yuxusuna girib, məzəmmət dolu nəzərlə baxmalıdır).

İcraçı prodüser rolunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış etdi, baş qəhrəmanları oynamaq isə ispan aktrisası Mariya Valverde və ərəb mənşəli britaniyalı Adam Bakriyə həvalə edildi.
Filmin premyerası ötən qış “Sundance Amerika kino festivalında baş tutdu. Ona baxan tənqidçilər və jurnalistlərin isə heç də heyranlıqdan dili tutulmadı.

Belə ki, “Little White Lies kino portalı yazır ki, “Kapadiya Oskar iddiasında olan film deyil, axşam əlində çay fincanı ilə baxa biləcəyimiz teledram çəkib. Bundan başqa, sayt rejissoru həm də ona görə qınayır ki, filmin bir çox səhnələri məzhəkəyə oxşayır.

“The Hollywood Reporter saytı da öz növbəsində hesab edir ki, aktyorlar sevgini daha inandırıcı oynasaydılar filmin gözəl tarixi melodram olmaq üçün bütün şansları varıydı.

Bu zaman hər iki resurs (elə bir çox başqa resurslar kimi) hesab edir ki, filmin ən gözəl tərəfi mənzərələrdir. “The Hollywood Reporter hətta Bakının ətraf rayonları ilə neft bumu dövrünün Texası arasında oxşarlıq da gördü. Deyəsən, bu kompliment idi.

Azərbaycanda film oktyabrın 6-dan gedir və təbii ki, sosial şəbəkələrdə fəal şəkildə müzakirə olunur. Tamaşaçıların bir hissəsi ağız büzdüyü bir vaxtda digərləri heyranlığını gizlətmir.

Misal üçün, “Facebook istifadəçilərindən biri başqa çox məşhur filmlə paralel aparır: “Prinsipcə, Amerikadakı Vətəndaş Müharibəsi vecimə deyil. Amma “Küləklə sovrulanların sayəsində bu mövzu mənə hələ də maraqlıdır. Bəs bizim Respublikanın tarixi bu filmin sayəsində xaricdəki milyonlarla tamaşaçılara maraqlı olacaqmı? Əmin deyiləm.

Tanınmış jurnalist Xədicə İsmayıl tamamiylə fərqli düşünür. Onun fikrincə, filmin mesajı qərb dünyasına aydındır və Azərbaycan üçün arzu olunan nəticəni verəcək. “Çox xoş oldu ki, yekun ssenari həqiqəti əks etdirir və o dövrdə baş verən qanlı hadisələri, bizim azadlıq uğrunda mübarizəmizi doğru əks etdirir, – Xədicə öz səhifəsində yazır, – Düzdür, film tarixi faktların doğruluğu baxımından ideal deyil, bununla belə o bizim istədiklərimizi dünyaya çatdıra bilər.
“Fikrimcə, film çox kobud işlənib, – daha bir istifadəçi deyir, – Orada əsas hiss və emosiyalar çatışmazlığı var. Hətta Əlinin dostlarından birinin öldürüldüyü səhnədə belə bu tamaşaçıda heç bir acıma hissi oyatmır.

Kimlərəsə emosiyalar kifayət etdi: “Çox xoşuma gəldi. Hətta finalda ağladım da. Bəlkə, sentimental olduğum üçündür, bilmirəm. Həm də köhnə Bakının mənzərələri diqqətimi cəlb etdi.

Tələskənlik

Əslində “Əli və Ninonu ekranlaşdırma adlandırmağa adamın dili gəlmir. Ssenari müəllifi əsərə olduqca yaradıcı yanaşdı. Montaj masasında da görünür adətən olduğu kimi, bir çox səhnələr canını allaha tapşırdı. Və bütün bu manipulyasiyalardan sonra Qurban Səidin əsərindən bir şey qalmadı.

Amma tələsməyək.

Kitabı oxumusuzsa, filmin əvvəlində sizdə elə bir hiss yarana bilər ki, həmin o əvvəli ötürdüz. Yəni film romanın təxminən 12-ci fəslindən başlayır. Qurban Səid qəhrəmanlarının tanışlığını və münasibətlərinin inkişafını çox ətraflı təsvir etdiyi bir halda filmdə bütün bunlar kadr arxasında qalır. Kadrda gördüyümüz isə etiraflar, öpüş və baxışlardan ibarət qısa səhnələr kaleydoskopu olur. Yeri gəlmişkən, həmin o ziyafət səhnəsinin filmdə ancaq bir hissəsi, özü də əsasən titrlərin fonunda göstərilir.

Ola bilsin, həmin bu tələskənliyə görə Əli və Ninonun kino sevgisi o qədər də inandırıcı görünmür. Bəlkə də bir səslə Bakri ilə Valverdenin arasında “hisslərin olmadığını deyən qərb tənqidçiləri haqlıydı.

Filmdə dinamikanın olmadığını deməksə mümkün deyil. Hadisələr o qədər sürətlə inkişaf edir ki, onları izləmək hətta hadisələrin xronologiyasını bilə-bilə də artıq problemə çevrilir. Gənc xan atasının evlənmək üçün xeyir-duasını almamış, Birinci Dünya Müharibəsi başlayır. Və artıq dörd dost mübahisə edir ki, müsəlmanlar müharibəyə getsin yoxsa bu “kafirlərin müharibəsinin onlara aidiyyəti yoxdur.

Dostlardan söhbət düşmüşkən. Əlinin üç dostu var, romanda onların hər birinin xarakteri, üstün və mənfi cəhətləri var. Filmdə isə bu personajlar (elə əksər başqa obrazlar kimi) demək olar ki, individuallığını itirib. Fanatik molla, fədakar gənc zabit, mühafizəkar qoca – bütün bunlar canlı insan deyil, “Tap, kimdir oyunundakı kimi aktyorların alnına yapışdırılan yazılı stikerlərdir.

Film müəllifləri erməni zadəganı, eyni zamanda da Ninonu qaçıran Məlik Naxararyanın obrazında da əməlli-başlı “düzəlişlər ediblər. Birincisi, kök və xoşagəlməz Naxararyan roluna yaşıl gözlü gözəl aktyor Rikkardo Skamarçio seçildi. İkincisi də Əlinin yaxın dostu olan bu adamı niyəsə Ninonun atasının tərəfdaşı etdilər. Bu dəyişiklik də dramatikliyi xeyli azaltdı.

Düzü, “tale baş qəhrəman Əli Şirvanşirə də rəhm etmədi. Romanda o əsasən öz daxili mübarizəsi, həm də avropalıya sevgisi ilə Asiya adətləri, özünün mənəviyyat anlayışı ilə zəmanənin tələbləri arasında balans tapmaq cəhdlərinə görə özünə hörmət oyadır. Filmdə isə bu daxili mübarizə heç cür əks olunmayıb və Əli obrazının zərrə qədər də psixoloji tərəfi göstərilmir – ancaq tapançadan atəş açma və “Mən vətənimi sevirəm! kimi gurultulu sözlər eşidilir.

… Seans isə davam edir və sizin hələ də gənc xan obrazı barədə fikirlərə daldığınız bir vaxtda ekranda bir-birini tez-tez əvəz edən kadrlar görünür. Yeri gəlmişkən, gözəl kadrlardı. Hətta çox gözəl. Bax, Əli artıq Ninonu qaçırmağa cəhd edən rəqibini öldürüb, Dağıstana qaçır ki, qanlı qisasın qurbanı olmasın. İndi də onun yanına dekabristin xanımı kimi Nino gəlir.

İndi də onlar tələsik evlənib, gözəl həyat qururlar. Dərhal da inqilab başlayır, Azərbaycanda hər şey alt-üst olur, Əlinin düşmənləri naməlum istiqamətdə yoxa çıxır və o artıq evə qayıtmalıdır. Özü də yeni evlənənlərə kəndə baş çəkməyə gələn Əlinin atası onlara bu taleyüklü məsələ haqqında söz arası, gəldiyindən hardasa üç saat sonra danışır.

Alternativ tarix

Bu andan da ekranda baş verənlərdən baş çıxarmaq üçün tarix bilicisi olmaq lazımdır. Yoxsa kimin kiminlə döyüşdüyü ümumiyyətlə aydın olmur. Amma hətta sizin 1917-1920-ci illər arası Azərbaycanda baş verənlərdən xəbəriniz varsa belə, sizi başqa bir sürpriz gözləyir. Daha doğrusu, sürprizlər – çoxsaylı tarixi səhvlər.

Tamaşaçıların daha savadlı hissəsini də hiddətləndirən məhz bu səhvlər oldu. Onlardan ən nəzərə çarpanı Azərbaycan Demokratik Respublikasının elan olduğu vaxt qürurla dalğalanan üç rəngli bayraqdır. İş orasındadır ki, həmin vaxt (28 may 1918-ci ildə) bu bayraq ümumiyyətlə mövcud olmayıb, o yarım il keçəndən sonra yaranıb. Həm də ADR-in hardasa çölün düzündə hərbi düşərgədə elan edilməsi “mərasimi də qəribə təəssürat bağışlayır.

ADR-in tarixi və ümumiyyətlə o dövrdə Qafqazda baş verən bütün hadisələr həqiqətən də maraqlı və vacibdir. Və bunu düzgün göstərmək olardı və lazımıydı. Alınmadı.

Bu filmi dünyaya Şərqdə ilk demokratik respublikanın yaranması və süqutundan bəhs etməli olan tarixi lent kimi nəzərdən keçirsək, bu missiyanın yerinə yetirilmədiyini deyə bilərik. Xüsusi bilikləri olmayan orta statistik qərb tamaşaçısının anladığı bir şey olmayacaq. Çünki filmə görə, ADR Qafqazda qəflətən, boş yerdən, Xoyski soyadlı bığlı kişi tərəfindən yaradılan hansısa naməlum respublikadır. Bu respublika da Xoyski və daha iki-üç nəfər gənc oğlan tərəfindən idarə olunub.

Daha çox bilməyə meylli olan tamaşaçılar olan bilsin seansdan sonra “Wikipediyaya girsinlər. Yerdə qalanlar isə əl yelləyəcək.

Həddən artıq “tolerant film

“Əli və Nino romanının bədii dəyəri barədə mübahisə etmək olar, amma onun ən azı iki mühüm tərkib hissəsi var – məntiq və münaqişə. Filmdə isə bunlardan heç biri demək olar ki, yoxdur. Qəhrəmanların hərəkətlərində məntiq çox şübhəlidir, münaqişə isə Azərbaycanla Rusiyanın anlaşılmayan qarşıdurması, həm də Ninonun valideynlərinin onun sevgilisinin ünvanına zəif donqultusu kimi göstərilib. Gənclərin qarşısında duran əsas maneə – onların dini və mədəni fərqi isə göstərilmir. Bütün bunlar da hekayənin əsas məğzini itirir.

Aydın məsələdir ki, indiki zəmanədə islam belə deyək, “dəbdə deyil. Və ola bilsin filmin yaradıcıları sərt müsəlman qanunları və ümumilikdə bu mövzuya diqqət çəkmək istəmirdilər. Amma “mahnının sözlərini də atmaq olmaz.

Epiloq

Filmdən sonra elə bir hiss yaranır ki, sanki hansısa serialın bir saat yarımlıq treylerinə baxmısan. Və ya dostun tələsik sənə öz həyat hekayəsini danışmağa çalışır, axırda da özü ipin ucunu itirir.

Əvvəlcədən romanı oxumadan filmə baxmaq mənasızdır. Siz sadəcə nələrin baş verdiyini və bu adamların kim olduğunu anlamayacaqsız.

Başqa bir tərəfdən də hələ də kitabı oxumamısızsa, indi oxuya bilərsiz. Qorxmayın, buna cəmi bir gün sərf etməli olacaqsız. Özüm yoxlamışam.

Dərc olunub 20.10.2016

Facebook Comments

More on JAMnews